Azerbaijan State University of Economics

Centre of Cognitive Economics

“Elmi sorğunun keçirilmə metodologiyası və qaydaları” mövzusunda virtual seminar

06.03.2021-ci il tarixində UNEC-də UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin və UNEC EFTİED-in Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin birgə təşkilatçılığı ilə “Elmi sorğunun keçirilmə metodologiyası və qaydaları” mövzusunda virtual seminar keçirilib.
UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin və UNEC EFTİED-in Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin birgə təşkilatçılığı ilə 06 mart 2021 –ci il tarixində, UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbər müavini, ABŞ Auburn Universiteti Aqrobiznes və Experimental İqtisadiyyat üzrə professor assistenti Samir Hüseynov tərəfindən, “Elmi sorğunun keçirilmə metodologiyası və qaydaları” mövzusunda onlayn seminar keçirilib.
Seminarda UNEC əməkdaşları ilə yanaşı, AMEA-nın, Bakı Dövlət Universitetinin, Azərbaycan Diplomatiya Akademiyasının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
 Təşkil olunmuş onlayn seminarında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbinin (RESH) direktoru, UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair” milli prioritetlərdən danışdı. Nəzərdə tutulan məqsədlərə nail olmaq istiqamətində Koqnitiv İqtisadiyyat mərkəzinin hədəflərindən bəhs edib.
Dosent M.Barhudarov, çıxışı zamanı, 4 -cü sənaye inqilabı ortaya qoyduğu tələblərə uyğun tədqiqatların aparılması məsələsini ortaya çıxararaq, biliyə əsaslanan iqtisadiyyatın əsasında yaranan yeni perspektivlərin və iqtisadiyyat elminin sürətli inkişafı üçün yeni imkanların yaradılmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış üçün sözü Samir Hüseynova verib.
Mərkəzin rəhbər müavini, ABŞ Auburn Universitetinin professor assistenti Samir Hüseynov mövzu ilə bağlı beynəxalq təcrübədən söz açıb, tədqiqat suallarının seçilməsi və uyğun statistik məlumatlar bazasının müəyyən edilməsi, elmi sorğunun komponentlərinin hazırlanması və hədəf qruplarına çatdırılması prosesinin elmi əsaslarını iştirakçıların nəzərinə çatdırıb.  Elmi sorğu zamanı hədəf respondent sayının müəyyən olunması, əhatəlilik və seqmentləşmə kimi xətaların aradan qaldırılması üçün statistik və metodoloji yanaşmalar seminarın əsas müzakirə mövzusu olub.
Seminarda UNEC Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri, Almaniyanın Bohum Ruhr Universitetinin beynəlxalq inkişaf elmləri üzrə fəlsəfə doktoru Elxan Riçard Sadik-Zada UNEC Koqnitiv İqtisadiyyat Mərkəzi ilə birgə məqalə və layihələrin hazırlanması təklifi ilə çıxış edib.
UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova tədqiqat mərkəzləri arasında elmi və təcrübi əməkdaşlığın qurulmasının vacibliyindən danışıb, bu istiqamətdə təkliflərini açıqlayıb.

Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.